"İndicə oxudum ki, Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kühüldağ zirvəsinin ərazisi satılır və dağın zirvəsi qaya dağıdan buldozerlər vasitəsilə dağıdılır, müvafiq dövlət orqanlarına (Sabunçu Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə və s.) müraciət olunsa da zirvənin dağıdılması işləri davam edir".

Mia.az xəbər evrir ki, bu sözləri sabiq deputat, fəaliyyəti dayandırılmış Aydınlar Partiyasının keçmiş sədri Qulamhüseyn Əlibəyli Feysbuk-dakı səhifəsində yazıb.

Sabiq deputatın sözlərinə görə, bir müddət bundan əvvəl Bakıxanov qəsəbəsində yerləşən qayalıqlar fərdi yaşayış evləri tikintisi üçün tamamilə satılıb: "Şıxov bölgəsində dənizin kənarında yerləşən qayalıq satıldı və tamamilə məhv edildi. Həmin dövrdə Milli Məclisin üzvü olan, görkəmli şair, publisist və siyasətçı Sabir Rüstəmxanlı bu məsələni müzakirəyə çıxarsa da, bir nəticəsi olmadı. Eşitdiyimə görə, Əlincə qalası da satılıb qurtarıb.

Görünür, vətəndaşların yaşadıqları mənzillərin yerləşdiyi ərazilərin sahibkarlara satılması, öz mənzilini satmaq istəməyən vətəndaşların evlərini buldozerlər vasitəsilə onların başına uçurulması hakimiyyət dairələri üçün yetərli deyil. Ona görə də təbii landşaftların məhv edilərək hissə-hissə satılması prosesini sürətləndiriblər. Təbii landşaftların, o cümlədən qayalıqların və digər təbiət obyektlərinin sahibkarlara satılması, sonradan dağıdılaraq məhv edilməsi indiki və gələcək nəcillər qarşısında ağır bir cinayətdir, ekoloji balansın və təhlükəsizliyin pozulmasına və son nəticədə gələcək nəzillərimizin ekoloji fəlakətlə üzləşməsinə gətirib çıxaracaq".

Sabiq deputat bildirib ki, bu gün üçün yaşayan və tutduğu vəsifənin imkanlarından istifadə edərək daha çox pul qazanmağa çalışan görməmiş məmurlarımız, həmin məmurlarla əlaqəyə girib təbii landştaflara mülkiyyət hüququ əldə edən və sonradan həmin təbii obyektləri sataraq daha çox varlanan görməmiş “sahibkarlar”ımız bu təhlükənu dərk etmirlər və edə də bilməzlər: "Çünki bu gün onların övladları, sabah isə özləri və ailələri xarici ölkələrdə (az halda olsa da Azərbaycanda) sakit bir güşədə lövbər salıb xalqımızın hesabına sahib olduqları haram pulla kef çəkəcək,bəzi hallarda isə həmin pulun bir hissəsini xarici dövlətlərə verməklə canlarını qurtaracaqlar.

Sıravi vətəndaş həyətinin bir hişəsində taxtanı taxta üstünə qoyaraq nə isə bir xırda iş görmək istəyəndə öz qarşısında onlarla dövlət qurumunun nümayəndələrini görür, təbii landştaflar barbarcasına dağıdılanda isə həmin qurumlar yoxa çıxırlar.

Belə getsə, Qız Qalası da, Qobustan qayalıqları da, digər təbiət obyektləri və mədəni sərvətlərimiz də tezliklə görməmiş məmurlarımız və “sahibkarlar”imiz tərəfindən məhv ediləcək".

O, sonda əlavə edib ki, yaxın vaxtlara kimi, Buzovnada dənizin kənarında yerləşən qayalıqlar da oxşar taleni yaşayıb: "Lakin Prezident İlham Əliyev işə qarışdıqdan sonra bu proses durduruldu. Görünür, ermənilər kimi, görməmiş məmurlarımız və “sahibkarlar”imiz da dəmir yumruq üçün darıxıblar".

Samir MUSAYEV

MİA.AZ