“Bunkerdə süni intellekt həllərin tətbiqi üçün zaman yetişib. Dövlət İmtahan Mərkəzi ötən gün keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə 1 sualda texniki səhvə yol verildiyini açıqlayıb. Mərkəz bildirib ki, müvafiq sual düzgün cavablandırılmış kimi qəbul ediləcək. Əslində, bu, təəccüblü deyil”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz DİM-in imtahanlarında yol verilən texniki xətalarla bağlı paylaşımında bildirib.

Onun sözlərinə görə, son illərdə, demək olar ki, hər imtahan sessiyasında bənzər hallar yaşanır: “Bir neçə gün öncə keçirilən imtahanlarda da tarix fənni üzrə problemin olduğu bildirilirdi. Özüm şahidəm ki, DİM bu proseslərə xüsusi diqqət ayırır. Bir neçə mərhələli nəzarət sistemi qurulur. Tapşırıqlar xeyli öncədən, test bazasına daxil edilməmişdən əvvəl də yoxlanılır. Amma imtahan günü bunkerdə hansı tapşırıqların veriləcəyini yenə də ən azı iki peşəkar müəllim yoxlayıb, hər ikisi təsdiqlədikdən sonra qəbula buraxılır. Bu qədər yoxlamalardan, təsdiqləmələrdən sonra yenidən səhvlərin olması çox düşündürücüdür. Bu artıq texniki səhv yox, sistem probleminin, bəlkə də, insan amilinin və ya məsuliyyət boşluğunun göstəricisidir”.

O. Gündüz, həmçinin bildirib ki, bu, kiçik bir məsələ kimi görünsə də, əslində imtahan verən üçün, valideynləri üçün, onu yetişdirən müəllimlər və məktəb üçün ciddi problemdir: “Abituriyent bu cür problemli bir tapşırığa xeyli vaxt sərf etməli olur, stress keçirir və bu itirilmiş zaman və başağrısı da yekun nəticəyə təsir edir. Yəni DİM-in sonradan bunu “texniki səhv” deyib sakitcə üstündən keçməsi doğru yanaşma deyil. Əlbəttə, əminəm ki, DİM bütün bu halları araşdırır. Təqsirkarları kənarlaşdırır və daha məsuliyyətliləri prosesə cəlb etməyə çalışır. Lakin görünür ki, bütün bunlar yetərli olmur.

Bəlkə də artıq bu mərhələyə də, texnologiyaların, süni intellektin cəlb olunmasının vaxtı çatıb?

DİM-in yaxşı, peşəkar və təcrübəli İT komandası var. Qəbul ilə bağlı prosesləri nizamlayan, qiymətləndirməni həyata keçirən proqramları da özləri yazıblar. Belə olan halda düşünürəm ki, tapşırıqların texniki analizini, düzgünlüyünü və uyğunluğunu yoxlayan bir AI sisteminin tətbiqi həm şəffaflığı, həm də etibarı da artıra bilər”(Qafqazinfo).