Pakistanın baş naziri Şahbaz Şərif prezident Rəcəb Tayyib Ərdoğanla görüşü haqqında X sosial media hesabında paylaşma edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, mesajında Pakistan-Türkiyə dostluğunun əbədi olmasını arzulayıb: "İstanbulda əziz qardaşım Prezident Ərdoğanla görüşmək şərəfinə nail oldum. Ona Pakistana verdiyi dəstəyə görə təşəkkür etdim, xalqımızın salamlarını türk qardaşlarına çatdırdım. Cənab Ərdoğanla görüşdə ikitərəfli münasibətlər, xüsusilə ticarət və investisiya sahələrində əldə edilən inkişafı dəyərləndirdik".

Pakistan Baş Nazirlik Ofisi isə Şərifin Ərdoğanla görüşü ilə bağlı açıqlama yayıb.

Açıqlamada Baş nazirin Türkiyəyə iki günlük rəsmi səfəri çərçivəsində prezident Ərdoğanla səmimi görüş keçirdiyi vurğulanıb: "Baş nazir Türkiyə hökumətinə və xalqına Pakistana qarşı göstərdiyi sarsılmaz dəstəyə və prinsipial mövqeyə görə bir daha təşəkkür edib. Şərif iki ölkə arasında qardaşlıq əlaqələrinin güclü olduğunu deyib və Türkiyənin Pakistana dəstəyini rahatlıq və güc qaynağı olaraq qiymətləndirib".

Baş nazir iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməli olduğunu və bərpa olunan enerji, texnologiya, müdafiə, infrastruktur və kənd təsərrüfatı kimi sektorların bu istiqamətdə daha da inkişaf etdirilməsinin vacibliyini qabardıb: "Tərəflər 7-ci Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) iclasında qəbul edilən qərarların həyata keçirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər. Eyni zamanda, ikitərəfli ticarət həcminin 5 milyard dollarlıq hədəfə çatması üçün lazımı və sürətli addımlar razılaşdırılıb".

Açıqlamada iki ölkə liderinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaları da bildirilib.

Lamiyə Əhmədli
MİA.AZ