Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun təsdiq olunmaq üçün Milli Məclisə təqdim ediləcək.
Mia.az-ın məlumatına görə, Naxçıvan Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının son iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu (ikinci səsvermə) müzakirə olunub.
Ali Məclisin yaz sessiyasının 20 fevral tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Qanunun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır. Birinci səsvermə fevral ayının 20-də keçirilmişdi. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilib.
"Konstitusiyaya dəyişikliklər haqqında" Qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Milli Məclisə təqdim ediləcək.
Qeyd edək ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.
Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.
Qeyd edək ki, Vasif Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.
Bu gün Naxçıvanda “ikihakimiyyətlilik” var. Formal olaraq hakimiyyət muxtar respublikanın idarəetmə orqanlarındadır. Amma orada Bakıdan təyin olunan səlahiyyətli nümayəndə də var. Bu gün səlahiyyət bölgüsü haqda hər hansı bir izahat da yoxdur.
Qeyd edək ki, iki il əvvəl dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bəzi ekspertlərə görə, Ali Məclis strukturu saxlanıbsa, mümkündür ki, onun üzərindən idarəetmə davam edə bilər.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ediləcək dəyişikliklər Naxçıvanda Ali Məclisin səlahiyyətinə hansı formada təsir edə bilər? Muxtar Respublikada Prezidentin xüsusi nümayəndəliyi də fəaliyyət göstərir. Yeni dəyişikliklər xüsusi nümayəndəliyin də ana qanunda təsbit olunmasını özündə ehtiva edəcəkmi və səlahiyyət bölgüsü bundan sonra tam aydınlaşacaqmı?
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiqləndikdən və Milli Məclisə təqdim olunduqdan sonra hansı dəyişikliklərin, yeniliklərin olduğu barədə məlumat verə bilər: “Bu gün vəziyyət ondan ibarətdir ki, sözügedən sənəd Milli Məclisə daxil olmayıb, həmçinin mediada yayılmayıb, ictimailəşdirilməyib. Ona görə də qanunda hansı dəyişikliklərin nəzərdə tutulması barədə dəqiq fikir bildirmək yanlış olardı. Nəzəri cəhətdən belə düşünmək olar ki, Naxçıvan Muxtar Respublikasının idarəetməsində son bir neçə ildə reallaşdırılan yeniliklər, islahatlar, dəyişikliklərin muxtar respublikanın konstitusiyasında əksini tapması zərurəti meydana gəlib. Ona görə də məhz qeyd olunan məsələlərlə bağlı dəyişikliklər ediləcəyindən danışmaq olar. Ali Məclisin, hökumətin səlahiyyətləri bəllidir və hazırkı konstitusiyada əks olunur. Prezidentin xüsusi nümayəndəliyinin də hesab edirəm ki, əsas qanunda səlahiyyətlərinin nədən ibarət olduğu müvafiq şəkildə qeyd olunmalıdır. Dəyişikliklərdə Ali Məclisin səlahiyyətlərinin azaldılıb-azaldılmayacağı haqda da layihəni oxumadan dəqiq nə isə söyləmək düzgün olmaz”.
MİA.AZ