Macarıstanın paytaxtı Budapeştdə mayın 21-də keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.
Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.
Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.
Qırğız Respublikasının sədrliyinin və Macarıstanın TDT-yə üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə olan əzminin yüksək qiymətləndirildiyi Bəyannamədə müşahidəçi ölkə Macarıstan tərəfindən ilk dəfə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünə verilən böyük dəyər xüsusi vurğulanır.
Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilir.
Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır.
Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu kontekstdə Suriyanın ərazi bütövlüyü və birliyi əsasında təhlükəsizliyin və sabitliyin bərqərar olması, ona qarşı sanksiyaların aradan qaldırılması istiqamətində Türkiyənin konstruktiv rolu yüksək qiymətləndirilir.
Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunur, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək bir daha təsdiqlənir. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilir. Həmçinin Əfqanıstanla bağlı məsələlər üzrə TDT-nin İşçi Qrupunun yaradılması təqdir olunur.
TDT çərçivəsində müdafiə sənayesi sahəsində məhsuldar çoxtərəfli əməkdaşlığı genişləndirmək niyyəti bir daha bəyan olunur və üzv dövlətlərin müvafiq orqanlarına bu məqsədlə səylərini sürətləndirmək tapşırılır.
İrqçiliyin, ayrı-seçkiliyin, ksenofobiyanın, İslama qarşı nifrətin, nifrət nitqinin və dezinformasiyanın bütün formaları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi məqsədilə beynəlxalq platformalarda səylərin əlaqələndirilməsi öhdəliyi xatırladılır.
Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunur.
Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi dəstəklənir, TDT-nin ilk birgə maliyyə institutu kimi yaradılmış Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlanmasının vacibliyi vurğulanır.
Türk Yaşıl Baxış prinsipləri rəhbər tutularaq, iqlim dəyişikliyinə və ətraf mühitin mühafizəsində davamlı yaşıl inkişafa sadiqlik bir daha təsdiqlənir, yaşıl enerji avadanlığının və texnologiyalarının inkişafının, iqlimədavamlı infrastrukturun, enerji səmərəliliyinin və tullantıların səmərəli idarə olunmasının təşviqinin vacibliyi qeyd edilir.
Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur.
Region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyi qeyd edilir, yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə layihələrin həyata keçirilməsində irəliləyiş, Təşkilatın üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi alqışlanır.
Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur, o cümlədən Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və ECOSOC-un 2028-2030-cu illər üçün üzvlüyünə namizədliyi dəstəklənir.
Özbəkistanın 2035-2036-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi, Qazaxıstanın 2031-2032-ci illər üçün BMT Baş Assambleyasının 86-cı sessiyasının, 2039-2040-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının sədri vəzifələrinə namizədliyi, Türkiyənin 2037-2038-ci illər üçün BMT Təhlükəsizlik Şurasının, 2025-2029-cu illər üçün UNESCO-nun İcraiyyə Şurasının, 2026-2028-ci illər üçün ECOSOC-un qeyri-daimi üzvlüyünə namizədliyi, Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə və həmin illərdə BMT-HABITAT-ın İcraiyyə Şurasının üzvlüyünə namizədliyi alqışlanır.
Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı professor Əziz Sancarın Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına “Türk dünyasının birliyinə töhfələrinə görə” beynəlxalq mükafatının verilməsi yüksək qiymətləndirilir.
Üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması niyyəti ifadə olunur, TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təqdir olunur. Eyni zamanda, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq üçün müraciəti dəstəklənir.
Sənəddə silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının vacibliyi vurğulanır, münaqişədən sonra mədəni irsin bərpasında Türk dövlətlərinin səyləri təqdir edilir.
Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir.
Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilir.
Həmçinin Əfqanıstan üzrə Birgə Bəyanatın qəbul edilməsinin vacibliyi vurğulanır.
TDT-yə üzv dövlətlərin başçıları Macarıstanın Baş naziri Viktor Orbana Türk dünyasının həmrəyliyinə və rifahına verdiyi töhfələrə, habelə təşkilatın Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünə, Macarıstan hökumətinin və xalqının səmimi qonaqpərvərliyinə görə təşəkkürünü bildiriblər.
Bəyannamə Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev iclasda çıxış edib:
- Hörmətli cənab Baş nazir.
Hörmətli dövlət başçıları.
İlk növbədə, qonaqpərvərliyə görə Baş nazir Viktor Orbana təşəkkürümü bildirirəm.
Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.
Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Bütün əldə edilmiş uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil olunur.
Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm.
Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək və Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm.
Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.
Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.
Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1, 5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Hörmətli həmkarlar, bildiyiniz kimi, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq.
Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir.
Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.
COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.
COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.
Çıxışımın sonunda Macarıstanı qeyri-rəsmi Zirvə görüşünün uğurlu təşkilinə görə təbrik edir, Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uğurlar arzulayıram.
Sağ olun.
***
Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində bir sıra sahələri əhatə edən sənədlərin imzalanması mərasimi olub.
***
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Macarıstanın Baş naziri Viktor Orban dövlət başçısını qarşılayıb.