Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Aygün Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.

Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının Musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib. 
2003-cü ildə görkəmli Türkiyə bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib. 

Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. O, həmçinin Elçinin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "İblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" tamaşalarına, eləcə də "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" kimi filmlərə musiqi yazıb.

Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Onu da qeyd edək ki, A.Səmədzadə deputat Ziyad Səmədzadənin qızıdır.