Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan zərərvurmaya görə cəzalar sərtləşdirilir.
Mia.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, sözügedən hallara görə şəxsin sağlamlığına az ağır ziyan vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsində vurğulanıb ki, qüvvədə olan maddələrə əsasən, nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sənəddə bununla bərabər vurğulanıb ki, tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmin məqamlarla əlaqədar qüvvədə olan maddələrə görə həmin əməllər 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sənəddə həmçinin vurğulanıb ki, tibb işçilərinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməyə və ya lazımi qaydada yerinə yetirməməyə görə ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurarsa, cərimə ediləcəklər.
Qeyd edilib ki, sözügedən əmələ görə fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 7 min manatdan 9 min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.