Şirvan şəhərində yaşıllıqların qəsdən məhv edilməsi, onların yerində obyektlərin inşa olunması artıq sistemli xarakter almaqdadır.

Tribunainfo.az xəbər verir ki, növbəti “ağac qətliamı” şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən başlayaraq irəlilədikdə, yolun sağ kənarında çoxsaylı ağacların kəsildiyi, hətta kötüklərinin betonlanaraq izlərinin silinməyə çalışıldığı aşkarlanıb.

Maraqlıdır, bu qədər yaşıllığın qurban verilməsi hansı zərurətdən doğub? Bu ağaclar kimin yoluna “maneə” olub ki, onları bu cür məhv edirlər? Sözügedən yerdə araşdırma aparan “vətənpərvərlər tv.az” üzə çıxarıb ki, “ağac qətliamı” Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Orxan İbrahimovun atası, Əhmədağa İbrahimovun “əl işidir”.

Belə ki, kəsilmiş ağacların yerində betonlanmış yol İH başçısının müavini O.İbrahimovun atası Ə.İbrahimovun obyektinə doğru istiqamətlənir.

Məsələ burasındadır ki, adıçəkilən Əhmədağa İbrahimov dövlət vəzifəsi daşıyır – o, Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində çalışır. Həmçinin onun Şirvan və Sabirabad rayonlarında çoxsaylı obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumat da dərc edilib.

Təəccüblüdür ki, bu miqyasda bir ağac kəsimi və torpaq üzərində tikinti prosesi şəhər rəhbərliyi, xüsusilə də Şirvan şəhər icra başçısı İlqar Abbasovun diqqətindən necə yayınmış ola bilər? Yaxud doğrudanmı bu proseslər onun razılığı və ya göstərişi olmadan baş tuta bilərdi?
Halbuki rayonda bir sakin həyətində daşı daş üstünə icazəsiz qoya bilmir, həyətində aşan ağacı icazəsiz budaya bilmir. Çünki indi “yaşıl qətliam”ı gözü görməyən icra hakimiyyəti, icra hakimiyyətinin başçısı İ.Abbasovun gözündən rayon sakininin həyətində etdiyi iş qaçmır. Ancaq indi yaşıllıqların məhv edilməsi, üstünün betonlanmasını görməzdən gələ bilirlər.

Mövzunu işləyərkən Şirvan şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Üstəlik yazı hazır olsa da, İH-dən açıqlama gəlmədiyi üçün bir qədər də gözlədik. Ancaq artıq 2 həftədən çox vaxt keçməsinə baxmayaraq icra hakimiyyəti onlara ünvanladığımız sorğunu cavablandırmayıb. Görünür, İH sualı cavablandırmağa ya maraqlı deyil, ya da göndərilən sorğulara ümumiyyətlə baxılmır.