Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.

Mia.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə təyin edilib.

Xatırladaq ki, Leyla Muradzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2008-ci ildə adı Prezidentin Sərəncamı ilə gənc istedadların “Qızıl kitabı” na daxil edilib.

O, Bakı Musiqi Akademiyasında xor dirijorluğu üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2023-cü ildə “Azərbaycan a capella xor musiqisində muğamın təcəssümü (1990-cı illərə qədər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

Uzun müddətdir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışan L.Muradzadə 2012–2017-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının artisti olub. 2024-cü ildən paralel olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı metodistidir. Ölkəmizdə uşaq və gənclərdən ibarət ilk xor musiqi albomunun müəllifidir.