Polşa ilə Rusiya arasında gərginlik böyüyür.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Polşanın Rusiyanın Krakov Baş Konsulluğunu bağlamaq qərarı rəsmi Moskvanı qəzəbləndirib.
Rusiya xəbər agentliyi RİA-ya açıqlama verən XİN sözçüsü Mariya Zaxarova deyib ki, Polşanın bu addımı cavabsız qalmayacaq: "Bu qərar, sözsüz ki, onsuz da yaxşı olmayan ikitərəfli əlaqələrə daha böyük zərbə olacaq. Əlbəttə, adekvat addım atacağıq. Varşavanın addımı cavabsız qalmayacaq. Gərəkli cavab veriləcək".
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə TASS xəbər agentliyinə bildirib ki, Polşanın Kalininqrad və ya İrkutskdakı konsulluğu qapadılacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Polşanın baş naziri Donald Tusk paytaxt Varşavada ötən ilin may ayının 12-də "Marywilska 44" adlı ticarət mərkəzində baş verən yanğının Rusiya kəşfiyyatının təşkil etdiyini bəyan edib.
Lamiyə Əhmədli
MİA.AZ