Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.
Mia.az xəbər verir ki, 1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış videomaterialda Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə, “Aşot, gör necə yanır” deyərək yanan evlərdən birini göstərir.
Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmiş şəxs Camal Məmmədov Laçın rayonunun Cicimli kənd sakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirib. O, atası Mehti Məmmədovun 1989-cu il avqustun 12-də erməni hərbçiləri tərəfindən öldürüldüyünü diqqətə çatdırıb: “Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.
Zərərçəkmiş şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını bildirib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən silahlı hücum edilməklə işğal olunduğunu bildirib. Zərərçəkmiş şəxs kəndin Ermənistanla sərhəddə yerləşdiyini, işğala qədər mütəmadi olaraq Ermənistanın Gorus rayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən atəşə tutulduğunu da deyib: “1992-ci ilin mayın 8-dək ermənilərin hücumunda bir pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlar vahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”, “Alazan” raketlərindən, uzaqvuran toplardan istifadə edirdilər”.
A.İbrahimov bildirib ki, Cağazur kəndində altı otaqdan ibarət ikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçı tikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzlu heyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni, ona böyük zərər dəyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
***
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib.
Mia.az xəbər verir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış, Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.
Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşınadək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə, 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir.
Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində “fin evi” adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb, daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıb. “Fin evi” adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, “Belarus” markalı traktorun yaxınlığında 3 meyit aşkalanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək.