Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - “Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.

Mia.az xəbər verir ki, qərar Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması və onun yenidən təyinatı ilə əlaqəlidir.

Məlumata görə, iclasda onun yenidən daha 5 il müddətinə Baş prokuror təyinatı müzakirə olunacaq.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir.

Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.

***

Azərbaycanın baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır.

Məlumata görə, bu müddət sabah tamamlanır.

Qanunvericiliyə əsasən, baş prokuror beş il müddətinə təyin olunur. Hazırda Kamran Əliyevin səlahiyyətlərinin uzadılması və ya yeni namizədin irəli sürülməsi ilə bağlı qərar gözlənilir. Yaxın günlərdə bu məsələ ilə bağlı Prezident tərəfindən Milli Məclisə təqdimat göndəriləcək. Təqdimat parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.

Kamran Əliyevin rəhbərlik dövrü prokurorluq orqanlarında islahatlar və müsbət tendensiyalarla yadda qalıb. Bu baxımdan onun növbəti müddətə də Baş prokuror vəzifəsində qalacağı ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Kamran Əliyev 2020-ci ilin 1 may tarixindən ölkənin baş prokurorudur(qafqazinfoz).