Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun çıxışı müzakirələrə yol açıb. O bildirib ki, qanunvericiliklə mənzil sahibinə mülkiyyət hüququ tanınır və binanın yerləşdiyi torpaq da sakinlərin ümumi mülkiyyətidir.

Partiya sədrinin sözlərinə görə, həmin binada nə qədər obyekt varsa, binanı tikən onları sata bilməz.

Sitat: “Binaların altında yerləşən “Bravo”, “Rahat” və sair kimi supermarketlərin ödədiyi pullar belə həmin bina sahiblərinin olmalıdır. Amma bundan xəbərləri yoxdur”.

Yaşayış binalarının kommersiya sahələri kimi satılan, icarəyə verilən əraziləri sakinlərin mülkiyyətidir? MTK-lar oranı qanunsuz istismar edir və satır?

Mia.az-ın məlumatına əsasən, Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, Mənzil Məcəlləsinin 35-ci maddəsində sahə mülkiyyətçilərinin ümumi əmlakına nələrin daxil olduğu qeyd edilib:

“Bura birdən artıq şəxsə xidmət etmək üçün nəzərdə tutulan bütün qurğu və avadanlıqlar da daxildir. Məsələn, siyahıda elektrik, su, qaz qurğuları avadanlıqları, liftlər, lift meydançaları, şaxtaları, binanın dam örtüyü, yerləşdiyi torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində birdən artıq şəxsə xidmət üçün nəzərdə tutulmuş sahələr, gözətçi, uşaq meydançası və sair yer alır. Təbii ki, binanın texniki mərtəbəsi də sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Əgər binanın layihələndirməsi zamanı onun altında qeyri-yaşayış, kommersiya obyektləri nəzərdə tutulursa, layihədə binanın qaraj sahələri varsa və bu, layihələndirmə zamanı qeyd olunubsa, sahə mülkiyyətçilərinin ümumi əmlakı hesab olunmur. Belə halda, MTK rəhbəri o obyektləri sata və ya icarəyə verə bilər”.

Ekspertin fikrincə, Sərdar Cəlaloğlu çıxışında iş adamı İsfəndiyar Axundovu (Şərurlu İsfəndiyar) nəzərdə tutub:

“Onun tikinti şirkətlərinə məxsus elə çoxmənzilli binaları var ki, zirzəmisində yerləşən texniki mərtəbələr qaraj sahələri kimi bölünür və sakinlərə müqavilə ilə satılır. Halbuki İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir”.

MİA.AZ