UNEC-in Dərbənd filialının 2023/2024-cü il məzunları hələ də diplomlarını ala bilmirlər.

Mia.az-ın məlumatına görə, yaranmış problemə görə nazirlik UNEC-i, UNEC isə nazirliyi qanunsuzluqda ittiham edir.

Məzunlar isə Mia.az-a açıqlamalarında iki qurum arasındakı "dartışma"ya görə həm 1.6 il hərbi xidmət keçdiiklərini deyir, həm də işə durmaq problemi yaşadıqlarını bildirirlər:

"Biz niyə məzun olduqdan sonra bu cəzanı çəkməliyik? 

Bu yaxınlarda Rusiya vətəndaşları olan tələbələrin diplomları verilib. Amma bizim diplomu vermirlər. Bizə deyirlər ki, Siz DİM vasitəsi ilə deyil, oranın daxili qaydaları ilə qəbul olunmusunuz. Halbuki, bizdən əvvəlki və sonrakı kursların hamısı o qayda ilə universitetə daxil olub. Dərbənd filialına daxil olmaq üçün oranın daxili imtahanlarını verib, qəbul olmaq mümkündür. Bütün qəbullar da bu qaydada aparılır. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplomunu ala bilməyən tələbələrə verdiyi rəsmi cavabda qəbulların yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanları əsasında həyata keçirildiyi qeyd olunur. Ancaq UNEC-in Dərbənd filialının rəsmi saytında bunun tam əksi qeyd olunub. Saytda qeyd olunur ki, sözügedən filiala tələbə qəbulu Rusiya Federasiyasının tələbələrin qəbul qaydalarına əsasən aparılır. Burada ziddiyət cavab əks olunur. Üstəlik, UNEC-in Dərbənd filialı Rusiya federasiyasında yerləşdiyi üçün oranın tədris qaydalarına uyğun həyata keçirilir. Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-сi il tarixli 2220 saylı əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib.

2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilib. Qəbul qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli 142 saylı qərarı ilə təsdiq edilib.

2016-cı il noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub. Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır. Əyani təhsil formsı üzrə tədris rus dilində, əyani-qiyabi və qiyabi təhsil formaları üzrə isə rus və azərbaycan dillərində aparılır. Filialda 3 ixtisas üzrə bakalavr hazırlanır.

Yəni, sadalananlardan da görünür ki, bizim hüquqlarımız pozulub.  Diplom verilmədiyi üçün biz hərbi xidməti 1 il yox,1 il 6 ay müddətinə keçməli oluruq. Niyə? Üstəgəl, bizə doğru-dürüst heç bir cavab vermirlər. Bu özbaşınalığa niyə son verilmir?!".

Samir Musayev

MİA.AZ