Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aprelin 28-də imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.

Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”nı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid Rza Salehi Əmiri mübadilə etdilər.

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

***

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də mətbuata birgə bəyanatlarla çıxış edirlər.

***

Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.

***

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.

İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.