İki gün əvvəl İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra 291 yeraltı təkan yaşanıb və bu, hələ də davam etməkdədir. Bəs bu təkanlar nə vaxt bitəcək?

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəhəng şəhəri narahat edən bu suala AFAD aydınlıq gətirib.

AFAD-dan bildirilib ki, afterşoklar daha bir müddət davam edəcək: "23.04.2025-ci il saat 12:49-da Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdən təxminən 300 km radiusda yerləşən şəhərlərə öz təsirini göstərib. Əsas təkandan sonra indiyədək ümumilikdə 291 afterşok qeydə alınıb. 3,9 və daha aşağı zəlzələlərin ümumi sayı 283-dür ki, onların əksəriyyəti 3 baldan aşağıdır. 4 və yuxarı bal gücündə təkrar təkanların sayı 8-dir. Təkanların hələ bir müddət davam edəcəyi gözlənilir. Önümüzdəki bir neçə həftə ərzində bu təkanlar da bitəcək".

Zülfiyyə Mustafayeva
MİA.AZ