"Medianın rolu heç vaxt bu qədər həlledici olmayıb - mətbuat təkcə hadisələrin əks etdiricisi kimi deyil, həm də strateji inkişafın mühüm hərəkətverici qüvvəsi kimi çıxış edir".
Mia.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı Direktoru Əhməd İsmayılov Astanada İkinci Mərkəzi Asiya Media Forumunda çıxışında deyib.
O qeyd edib ki, Azərbaycanda dövlət peşəkar medianın təkmilləşdirilməsi və gücləndirilməsi istiqamətində böyük səylər göstərir və bütün bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin yanvar ayında imzalanmış Fərmanın məntiqi nəticəsi və sistemli şəkildə həyata keçirilməsi kimi qəbul edilir: “Ölkələr arasında media sahəsində əməkdaşlıq media sektorunun inkişafını əhəmiyyətli dərəcədə artıra bilər. İnformasiya məkanının möhkəmləndirilməsi hər hansı ölkənin təkbaşına həll edə biləcəyi vəzifə deyil. Qlobal çağırışlar kollektiv fəaliyyət tələb edir. Media diplomatiyası sərhədlərarası əməkdaşlıq, birgə araşdırmalar və mədəni mübadilələr vasitəsilə həmrəyliyi təşviq edə bilər”.
Ə.İsmayılov vurğulayıb ki, bölgə media forumları, birgə layihələr, sərhədlərarası təlim proqramları və regional xəbər agentliklərinin gücləndirilməsinə yönəlmiş təşəbbüslər birlik və ortaq məqsəd hissini formalaşdıra bilər: “Bu amil haqqında danışarkən vurğulamalıyıq ki, hazırda iştirak etdiyimiz tədbir Mərkəzi Asiyada media əməkdaşlığının inkişafı istiqamətində atılan səmərəli tədbirlərdən biridir. Biz həmçinin Birinci Mərkəzi Asiya Media Forumunun - Asiya qitəsinin digər hissələri ilə qarşılıqlı əlaqələrin qurulması üçün unikal platformanın – dəyərli müzakirələrə töhfə verdiyini yaxşı xatırlayırıq”.
Agentlik rəhbəri xatırladıb ki, medianın gücü ictimai rəyi formalaşdırmaq, dürüstlüklə məlumatlandırmaq, dialoq və mədəni mübadiləni təşviq etmək və insanları ümumi məqsəd üçün bir araya gətirmək qabiliyyətindədir: “Biz birlikdə Mərkəzi Asiya və ümumilikdə bütün dünyanın gələcəyi üçün medianın potensialını tam dəyərləndirə və ondan istifadə edə bilərik”(Report).