“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) daha bir təyinat olub.

Mia.az xəbər verir ki, Rövşən Rüstəmov sədrlik etdiyi qurumun Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edib.

Xatırladaq ki, 2009–2017-ci illərdə “Azərpoçt” MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017–2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib.

2021–2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub.

ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2023-cü ildə fəaliyyətə başlayıb, şirkətin inkişafına mühüm töhfələr verib.