Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.
Naxçıvan Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən polkovnik Samir Həziyevin 5 il, hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı həmçinin A.Quliyevin məhkəmə zalında həbs olunmasını təklif edib.
Məhkəmə prosesi aprelin 17-də davam edəcək.
Qeyd edək ki, Ceyhun Hüseynov 2023-cü il iyunun 9-da naməlum şəraitdə itkin düşüb, iki gün sonra qətlə yetirilmiş halda tapılıb.
Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./Report