Mən yaz fəslini, baharı çox sevirəm! Bahar öz ətri, gül-çiçəyi ilə fərq yarada bilir. Qəlbimizi oxşayan, ruzi-bərəkətli, yeni nəfəsli, duyğulu, xoş ovqatlı bahar!
Məllimimiz tapşıranda ki, bahar fəsli haqqında inşa yazacaqsınız, sevincimin həddi-hüdudu olmadı.
İlkin olaraq beynimdə böyük şairimiz Səməd Vurğunun "Bahar şərqisi" şerindəki misralar dolandı:
Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli güllər,
Dilə gəldi bülbüllər.
Şeirdə deyilən kimi bahar oyanışdı, günəşin ilıq nəfəsinin yer üzünə səpələnməsi, insanların qış qayğılarından ayrılıb, bağ-bağatına qulluq göstərməsi, qönçələnən çiçəklər üzərində bülbüllərin nəğməsini seyr etməsidir.
Baharın ilk müjdəçisi novruz çiçəkləridir. Qarlı-şaxtalı qış günündə tarpağın altından baş qaldırıb bizi "salamlayır". Biz isə onu sevərək dərib öz otağımıza gətiririk. O zaman bilirik ki, qış qayğılarımız azalır, güllü-çiçəkli bahar gəlir.
Baharın gəlişini öz milli adət-ənənələrimizlə Novruz Bayramı kimi qeyd edirik. Bir ay əvvəldən hər həftənin ikinci günü bir çərşənbə keçiririk: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi. Çərşənbələrdə tonqal qalanır, insanlar müxtəlif niyyət və məramla o tonqalların üstündən tullanırlar. Bayram gecəsi evlərə torba və papaq atmaq, qapı pusmaq da uşaq dünyamızın yadda qalan adətlərindəndir.
Bahar günlərində məktəbimizin gül-çiçəklərinə qulluq göstərib, müəllimlərin təşəbbüsü ilə həyətyanı sahədə 50-dən çox şam və meyvə ağacları əkilmişdir.
Məktəbli düşüncəmin bu kiçik yaddaşını yazarkən bahar fəslinin gül-çiçəklərinə məftun olduğumu deyim. Bu məftunluq mənə babam -uzun illər məktəbimizə rəhbərlik etmiş, hazırda təqaüddə olan Mehman müəllimdən keçib. Onun bağçamızda əkib-becərdiyi gül-çiçəklər daha ecazkar və gözəldir.
Sonda fürsətdən istifadə edib məktəbimizin müəllimlərini, bu yazını oxuyan hər kəsi və Azərbaycan xalqını Novruz Günləri-Bahar Bayramı münasibətilə təbrik edirəm!
Novruz hər kəsə və Xalqımıza düşərli olsun!
Nuranə Qasımlı,
İmişli rayonu Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin V sinif şagirdi
MİA.AZ