Azərbaycan Dövlət Miqrasiya Xidməti 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən müvafiq qərar imzalayıb.
Qərara əsasən, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, namizəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surətini təqdim etməlidir.
Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmalıdır.
Həmçinin, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra bu Qərarın 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsi təmin olunmalıdır.