ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanı arasında 4,5 saat davam edən görüş bitib.
Mia.az xarici mətbuata istinadla bildirir ki, görüş barədə ilk açıqlamanı ABŞ Dövlət Departamenti yayıb.
Bildirilib ki, ABŞ və Rusiya Ukraynada müharibəni mümkün qədər tez bitirmək üçün yüksək səviyyəli məşvərətçi qruplar yaratmaq, eyni zamanda, səfirliklərin işçi heyətini əvvəlki səviyyəyə qaldırmaq barədə razılığa gəliblər.
Bundan başqa, ABŞ-Rusiya münasibətlərinə problem yaradacaq açıqlama və hərəkətlərdən uzaq durulması məsələsində də anlaşma əldə olunub: "Həmçinin, əlaqələrin bərpası üçün mexanizm yaratmaq və gələcəkdə qarşılıqlı geosiyasi maraq doğuran məsələlər və Ukraynada münaqişənin sona çatmasından sonra yaranacaq tarixi iqtisadi və investisiya imkanları üzrə əməkdaşlıq etmək barədə əl sıxılıb".
Rəsmi Moskvadan da görüşün müsbət atmosferdə və ümidverici keçdiyi açıqlanıb.
***
ABŞ prezidenti Donald Trampla rusiya prezidenti Putinin telefon danışığından sonra bu gün Dövlət katibi ilə Rusiya XİN başçısının rəhbərlik etdiyi heyətlər Ər-Riyadda bir araya gəliblər.
Mia.az xarici mətbuata istinadla bildirir ki, dünyanın hakim kəsildiyi görüşə ABŞ-dan dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkof qatılıb.
Rusiyanı isə XİN başçısı Sergey Lavrov, Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun sədri Kiril Dmitriyev təmsil edirlər.
Məlumata görə, tərəflər ikili münasibətlərin bərpası ilə yanaşı, Ukrayna savaşının bitirilməsinin detalları barədə fikir mübadiləsi aparacaq və bəzi məqamları razılaşdırmağa çalışacaqlar.
Lamiyə Əhmədli
MİA.AZ