Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən Elnur Şəmistan oğlu Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin olunub.
Qeyd edək ki, E.Bağırov 2022-ci il dekabrın 16-da agentliyin rəis müavini vəzifəsinə təyin edilib.
E.Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub.
1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb. 2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib.
2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.
Ailəlidir, 2 övladı var.
***
Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturunu təsdiq edib.
Mia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Təsdiq olunmuş struktura görə, Dövlət Agentliyinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.
Agentlik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənədək Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 5.1-ci bəndi icra olunanadək dəyişməz qalır.
Ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsini Agentlik bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.
Nazirlər Kabinetinə tapşırılıb ki, Agentliyin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını iki ay müddətində təsdiq edib Prezidentə məlumat verilməsini. Bununla yanaşı, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə ləğv edilmiş Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının Agentliyin balansına verilməsi üç ay müddətində təmin edilməlidir.