Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Şərq qapısı” qəzetinin əməkdaşı və universitetin Bələdiyyə və turizm kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Yüz ilin Naxçıvanı” adlı kitabının təqdimatı keçirilib.
Mia.az-ın məlumatına görə, Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov təqdimatı açaraq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi qeyd olunub. O qeyd edib ki, yubiley ilinə töhfə olaraq Əli Cabbarovun hazırladığı bu kitabda müəllifin muxtar respublikanın tarixi, həmçinin iqtisadi, sosial və mədəni inkişafı, eləcə də dövlət başçımızın apardığı uğurlu daxili və xarici siyasətlə bağlı “Şərq qapısı” qəzetində, www.mia.az saytında, ABŞ-də, çap olunmuş məqalələri toplanıb.
Təqdimatda çıxış edən universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayevin ön söz yazdığı və ötən ilin dekabrında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş “Yüz ilin Naxçıvanı” adlı kitabda toplanmış məqalələrin əhəmiyyətinə, onların publisistik üslubuna toxunub.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov, Bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova və kafedranın baş müəllimi Günel İsayeva təqdimatda çıxış edərək 100-ə yaxın elmi əsərin müəllifi olan Əli Cabbarovun iqtisadiyyat və turizm sahəsindəki uğurlu tədqiqatlarını diqqətə çatdırıb, ona yeni elmi və yaradıcılıq uğurları arzulayıblar.
Təqdimat tədbirində çıxış edən universitetin qocaman əməkdaşlarından fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayev və Xarici dillər fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli Əli Cabbarovun elmi araşdırmaçı və jurnalist fəaliyyəti ilə bağlı gördüyü işlərdən danışıb, müəllifə yeni uğurlar arzu ediblər.
Tədbirdə çıxış edən Şahbuz rayon Kükü kənd tam orta məktəbinin təqaüdçü müəllimi Yunis Quliyev ötən ilin onlar üçün də əlamətdar olduğunu, Kükü məktəbinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini, təqdimatı keçirilən bu kitabda həmin yubileylə bağlı beş məqalənin də yer aldığını diqqətə çatdırıb. Daha sonra çıxış edənlərdən biologiya üzrə fəlsəfə doktoru, universitetin Biologiya kafedrasının müəllimi, “Şərq qapısı” qəzetinin əməkdaşı Turan Məmmədli və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev 10 kitabın, 1400-ə yaxın publisistik yazının müəllifi olan Əli Cabbarova daha böyük uğurlar arzu ediblər.
Sonda tədbir iştirakçılarına təşəkkür edən müəllif səmərəli fəaliyyət üçün yaradılmış şəraitə görə minnətdarlığını ifadə edərək yeni kitabını və "Zəngəzura salam olsun" kitabını oxuculara hədiyyə edib.
MİA.AZ