İsraili dəstəklədiyinə görə uzun müddətdir boykot edilən Fransa mərkəzli pərakəndə nəhəngi "Carrefour"  Ummandakı bütün mağazalarını bağlayıb.

Mia.az xəbər verir ki, şirkət bu qərarını sosial media hesabları vasitəsilə yayımladığı rəsmi bəyanatla elan edib. Bildirilib ki, 7 yanvar tarixindən etibarən ölkədəki fəaliyyətlərinə son qoyulacaq. Lakin bağlanmanın səbəbləri ilə bağlı ətraflı məlumat verilməyib.

"Carrefour"-un bu addımı İsraili hədəf alan "Boykot, İzolyasiya və Sanksiya Hərəkatı"nın (BDS) uzun müddətdir həyata keçirdiyi kampaniyaların bir nəticəsi kimi dəyərləndirilir.

Hərəkat daha əvvəl İordaniyada da Carrefour mağazalarının bağlanmasını xatırladaraq boykotun təsirli olduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, "Carrefour"un İsraili dəstəklədiyinə dair iddialar şirkətin imicinə ciddi zərər vurub. Xüsusilə Qəzza və Livana qarşı İsrail hücumlarını dəstəklədiyi barədə yayılan məlumatlar pərakəndə nəhənginin Orta Şərqdə boykotlarla üzləşməsinə səbəb olub.

Bu qərar, Carrefour-un Orta Şərq bazarındakı fəaliyyətini davam etdirməkdə çətinlik çəkdiyini göstərir.

Əzizə Hakverdi

MİA.AZ