Xəbər verdiyimiz kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Mia.az xatırladır k, TƏBİB sədri Vüqar Qurbanov öz köməkçisi Səkinə Sadıxovanı həmin Mərkəzi Xəstəxanaya direktor göndərib.

Bəs əvvəlki direktor niyə azad edilib?

Qaynarinfo-nun məlumatına görə,  Azər İsmayılovun fəaliyyətində ciddi problemlər mövcud olub. O, bir qədər də irəli gedərək, TƏBİB sədri vəzifəsinə özünü iddialı görüb: "Azər İsmayılov 2018-ci ildə Yevlax Rayon Mərkəzi Xəstəxanasında rəhbərlik etdiyi zaman icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirən ilk xəstəxana rəhbəri olub. O, icbari tibbi sığortanın Azərbaycanda tətbiqində özünü müstəsna əməyi olan şəxs kimi görüb. Nəticədə sonuncu vəzifəsindən də məmnun olmayan direktor özünü daha yüksək vəzifədə görüb". 

Məsələ ilə bağlı Azər İsmayılovun özü ilə əlaqə saxlamağa çalışsaq da, mobil nömrələrinə zəng çatmadı.

Qeyd edək ki, Azər İsmayılov Cəbi oğlu 2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib. 28 dekabr 2022-ci il tarixindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. 

MİA.AZ