Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”nı təsdiq edib, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, işğaldan azad edilmiş ərazilərində məskunlaşan əhalinin icarəsinə birillik və çoxillik əkinlərin aparılması üçün verilən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarə haqqının aşağı həddi qərarda nəzərdə tutulmuş icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanacaq.
İşğaldan azad edilmiş ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, habelə həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir.
Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq həmin torpaqların həcminin müəyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində səmərəli parselləşdirilməsi və zəruri infrastrukturla (suvarma, meliorasiya, elektrik və s.) təmin edilməsi hazırda mühüm məsələlərdəndir. Növbəti mərhələdə isə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Qərarda torpaqların icarəyə verilməsinə dair müraciətlər, icarəyə verilməsinin təşkili, nəzarət və hesabatlılıq mexanizmi öz əksini tapıb.
Eyni zamanda Qərarda torpaqların birillik əkinlər və yonca əkinləri üzrə ilkin olaraq 2 il, çoxillik əkmələr üzrə 5 il müddətinə icarəyə verilməsi nəzərdə tutulub. Müəyyən edilmiş müddətlərin sonunda isə torpaq sahələrindən icarə müqaviləsinə uyğun istifadə olunduğu müəyyən edildikdə birillik əkinlər və yonca əkinləri üzrə icarəyə verilən torpaqların icarə müddəti 3 il müddətinə, çoxillik əkmələr üzrə icarəyə verilən torpaqların icarə müddəti isə 15 il müddətinə uzadılır.
Qərarın qəbulu kənd təsərrüfatı təyinatlı torpaqlardan və su resurslarından səmərəli istifadə edilməklə regionda kənd təsərrüfatının inkişafına töhfə veriləcək, dayanıqlı məskunlaşmanın təmin edilməsinə və məşğulluğun yaradılmasına imkan yaradacaq.