Azərbaycanda yeni seçiləcək bələdiyyənin tərkibinin ilk iclasının keçirilməsi və sədrin seçilməsi ilə bağlı qaydalar təsdiqlənib.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub.
Dəyişikliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək.
Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
***
Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.