"Grand Motors Company" Qapalı Səhmdar Cəmiyyəti (MMC) məhkəməyə verilib. 

Mia.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, buna səbəb şirkətin İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətaya yol verməsi olub.

Belə ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması) protokol tərtib olunub.

İşəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək, hüquqi şəxslər 15 min manatdan 20 manatadək məbləğdə cərimə edilir.

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimovanın icraatındadır. 

Qeyd edək ki, "Grand Motors Company" MMC 2005-ci ilin sentyabr ayında təsis edilib. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. "Grand Motors Company" MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.