ABŞ-ın hələ vəzifəsinin icrasına gələn ilin yanvarın 20-dən sonra başlayacaq yeni prezidenti Donald Tramp indidən planlarını açqılamağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, vəzifəsinin icrasına başlayan kimi, dərhal Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini elan edib.

Bu barədə özünə məxsus olan “Truth Social” sosial media platformasında yazan Tramp bildirib ki, Meksika və Kanadadan minlərlə insan qanunsuz keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə “cinayət" və "narkotik” gətiriblər: "Hazırda sərhədlərimiz onlar üçün əlverişli görünür. Ancaq ynvarın 20-də verdiyim ilk sərəncamlardan biri Meksika və Kanadadan ABŞ-a gələn bütün məhsullara və açıq saxladıqları sərhədlərinə 25 faiz rüsum tətbiq etmək olacaq. Bu tariflər bütün qanunsuz miqrant axını tam bitənə qədər qüvvədə qalacaq"

Tramp deyir ki, Meksika və Kanada uzun müddətdir davam edən bu problemi asanlıqla həll edə bilərdi: "Onlar bunun üçün mütləq haqq və gücə sahibdir. Biz onlardan bu gücdən istifadə etmələrini tələb edirik və bunu edənə qədər onların böyük bir bədəl ödəmələrinin vaxtı gəldi".

Tramp daha sonra ABŞ-a göndərilən külli miqdarda narkotik, xüsusilə də fentanillə bağlı Çinlə uzun müddət müzakirə apardığına diqqət çəkib: "Çinli nümayəndələr mənə dedilər ki, bu işlə məşğul olan narkotik alverçilərinə qarşı ən yüksək cəzanı, edam cəzasını tətbiq edəcəklər, lakin təəssüf ki, onlar bunu heç vaxt etməyiblər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməmiş səviyyədə axır. Bunlar həllini tapmayana qədər Çindən gələn bütün məhsulların üzərinə daha 10 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyik”

Lamiyə Əhmədli
MİA.AZ