"Azərbaycanda qumar oyunlarının təşkili və bu cür oyunlarda iştirak qadağandır. Bu, inzibati və cinayət məsuliyyəti yaradan hallardır. Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vurur”.
Mia.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin eks-deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Ç.Qənizadə qeyd edib ki, ölkə ərazisində hər hansı bir hərəkət qanunla qadağan edilirsə, bundan çəkinmək lazımdır.
Türkiyədə qanunsuz mərc oyunlarına görə məşhur simaların saxlanılmasına gəlincə, hüquq müdafiəçisi Azərbaycanda da oxşar vəziyyətin narahatlıq doğurduğunu bildirib:
“Hesab edirəm ki, Türkiyə hökuməti bu hallarla bağlı məşhur şəxslərə qarşı addımlar ataraq istintaqa başlayıbsa, bu, Azərbaycanda da eyni əməllərlə məşğul olan insanlara bir dərs olmalıdır. Onlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Təkrar eyni əməli törədənlərsə məsuliyyətə cəlb edilməlidirlər.
Hesab edirəm ki, Türkiyədəki məsələ Azərbaycan hüquq-mühafizə orqanlarının da diqqətini çəkəcək. Bu məsələ ilə bağlı zaman-zaman ayrı-ayrı şəxslərin istintaqa cəlb edildiyinin şahidi oluruq. Digər şəxslər də bilməlidirlər ki, hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən kənarda qalmayacaq və gec-tez məsuliyyətə cəlb ediləcəklər”.
Qeyd edək ki, İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirib və məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb.
"Azərbaycanda qumar oyunları qadağandır" - Sabiq deputat
DİGƏR XƏBƏRLƏR
2024-11-24 10:38