Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının icraçı direktoru (UN-HABITAT) xanım Anaklaudia Rossbaxın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az xəbər verir ki, görüşdə A.Rossbax COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib və sədrlik fəaliyyətində ölkəmizə müvəffəqiyyətlər arzulayıb.
S.Nuriyev Azərbaycan ilə UN-HABITAT arasında əməkdaşlığı və ölkəmizin COP29 Sədrliyinin fəaliyyət gündəliyinin prioritetləri sırasında urbanizasiya mövzusunun yer almasını məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycan ilə UN-HABITAT arasında həyata keçirilmiş faydalı əməkdaşlıq çərçivəsində 2022-ci ildə Ağdam şəhərində, 2023-cü ildə Zəngilanda Milli Şəhərsalma forumlarının və Bakıda “Ümumdünya Məskunlaşma Günü” tədbirlərinin uğurlu təşkili vurğulanıb.
S.Nuriyev qlobal və regional tədbirlərin yüksək səviyyədə təşkil edilməsində böyük təcrübəyə malik Azərbaycanın 2026-cı ilin mayında BMT-nin ən vacib tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinin Azərbaycan ilə UN-HABITAT arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib.
A.Rossbax ölkəmizin UN-HABITAT-ın fəaliyyətinə göstərdiyi dəstəyi və verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirib.
Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasından, orada keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, UN-HABITAT ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan əlavə, 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.