Ötən gün sayca 73-cü "Miss Universe 2024" beynəlxalq gözəllik müsabiqəsinin yarımfinal mərhələsi baş tutub.
Mia.az-ın məlumatına əsasən, əvvəlcədən sözügedən yarışmada ölkəmizi təmsil edən iştirakçının siyahıda adı olsa da, daha sonra Azərbaycanın müsabiqədən kənarlaşdırıldığı məlum olub.
Bununla bağlı "Miss Azerbaijan 2019" Səmra Hüseynova olay-a açıqlama verib.
Səmra bildirib ki, "Miss Universe 2024"ün Azərbaycanda kastinqləri keçirilməyib: "Əslində, "Miss Universe 2024" müsabiqəsinə mən qatılacaqdım. Bir müddət əvvəl bununla bağlı mənə zəng gəldi və bu yarışmada iştirak etməyimlə bağlı təklif aldım. Lakin daha sonra mənə söylədilər ki, başqa qız model seçilib və o, Azərbaycan adından çıxış edəcək. Heç bir kastinq keçirilmədən necə ola bilər ki, bu qızı seçsinlər. Sonra mənə məlumat verildi ki, bu xanım heç bir model standartlarına uyğun deyil və Azərbaycan bu müsabiqədən, ümumiyyətlə, çıxarılıb. Ötən gün isə bu yarışmanın yarımfinalı keçirilib. Çox istərdim ki, məndə bu müsabiqədə iştirak edim və ölkəmizi layiqincə təmsil edim".
Qeyd edək ki, sözügedən müsabiqənin final mərhələsi bu gün Meksikanın paytaxtı Mexikoda "Mexico City Arena"da keçiriləcək.