Prezident İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

Mia.az xəbər verir ki, COP29-a dəvətə görə dövlət başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib.

Dövlət başçısı dedi ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti dedi ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var.

Alen Berse vurğuladı ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.

Qonaq Avropa Şurası çərçivəsində dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını dedi.

Dövlət başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif konvensiyasına qoşulduğunu qeyd etdi.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulandı.