Prezident İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Mia.az xəbər verir ki, Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq tədbirin açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu deyib. Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvarlığını bildirib.
Dövlət başçısı COP29-la əlaqədar Azərbaycana qarşı ədalətsiz təbliğatın aparıldığını vurğulayıb.
Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib.
Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin başçısını ölkəsinə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlət başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət edib. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olunub.