Milli Hidrometeorologiya Xidməti tərəfindən hava şəraiti ilə bağlı öncədən verilən xəbərdarlığa əsasən noyabrın 3-ü axşamdan başlayaraq 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Mia.az xəbər verir ki, bu barədə Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova açıqlama yayıb.

O bildirib ki, sözügedən bölgələrin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var: "Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı əhalini ehtiyatlı olmağa, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırırıq”.