Gələn həftə - 5 noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri təkcə bu ölkəninin yox, elə bütün dünyanın siyasi aqibətini məyyənləşdirəcək ən mühüm hadisədir.

Çünki həm iqtisadi, həm də hərbi qüdrətinə və müqayisəolunmaz dərəcədə nəhəng büdcəsinə görə dünyanın ən güclü ölkəsi sayılan ABŞ, SSRİ çökəndən bu yana, eyni zamanda, dünyanın “tək ağa”sı – qlobal lideri, əsas imperiyası rolunda çıxış edir və əksər ölkələr də siyasətlərini məhz rəsmi Vaşinqtonun göstəriş və təlimatları əsasında qurur, hər şeyə ABŞ-ın gözüylə baxmağa can atırlar.

5 noyabr seçkiləri də, hər şeydən öncə, ABŞ-ın bu statusuna aydınlıq gətirəcək: o, demokratların namizədi xanım Kamala Harrisin timsalında “təkqütblü dünya” - "tək imperiya" modelinin qurulması siyasətinin davam etdirilməsinə, yoxsa respublikaçıların namizədi Donald Trampın timsalında “çoxqütblü dünya” siyasətinin qəbuluna qərar verəcək?!

Əlbəttə, ABŞ-dakı “demokratlar” - “respublikaçılar” yarışması illərdir bütün dünya boyu oynanılan ənənəvi “yaxşı polis - pis polis” tamaşasının qlobal siyasi müstəvidə növbəti davamıdır və qazanan da yalnız ABŞ kapitalının, ABŞ sərmayəsinin, ABŞ dollarının hökmranlığını istəyənlərdir!

Bununla belə, 5 noyabr seçkiləri məhz bu rola aydınlıq gətirmək baxımından – qarşıdakı 4 ildə ABŞ-ın başçılığıyla ölkələr üzrə hansı ssenarilərin işlək olacağını öncədən bilmək sarıdan çox önəmli mərhələdir: o, hər şeyə son da ola bilər, hər şeyə başlanğıc da...

Son 4 ildə demokratların Bayden-Harris administrasiyası ABŞ-ın ənənəvi rəqiblərinə qarşı bütün dünya boyu tələskən və açıq hücum siyasəti həyata keçirsələr də, bu mərhələdə əsas məqsədlərinə - ABŞ liderliyində təkqütblü dünya qurulması prosesini tamamlamağa müvəffəq ola bilmədilər.

Həm iqtisadi, həm də həm də hərbi baxımdan getdikcə güclənən və ABŞ-ın əsas rəqibinə çevrilməkdə olan Çinin sürətli yüksəlişinin qarşısını almaq və onu özündən asılı hala gətirmək üçün amerikalılara təkcə Avropa Birliyində yox, həm də Avrasiyanın 3 vacib ölkəsində - Rusiya, Türkiyə və İranda möhkəmlənmək və Çinə gedən bütün quru yollara nəzarəti təmin etmək çox gərəkli olsa da, Bayden-Harris dueti son 4 ildə bunu bacarmadı və faktiki olaraq, Üçüncü Dünya Müharibəsi vəziyyəti yaratdı.

“Ukrayna əməliyyatı” Avropa Birliyini yenidən ABŞ çətiri altında toparlanmağa və NATO-nun parçalanmadan xilasına gətirib çıxarsa da, amerikalılar bu müddət ərzində nə Putini yıxa bildilər, nə də Putinlə əməkdaşlığa üstünlük verən Ərdoğanı, Xameneyini... Halbuki Putin və Ərdoğanı yıxmaq, az qala, Baydenin seçki andı idi...

Üstəlik, bugünlərdə Kazanda keçirilən BRİKS-in genişləndirilmiş sammiti göstərdi ki, ABŞ demokratlarının 2 ildir bütün dünya boyu apardıqları Putini təcrid siyasəti heç bir effekt verməyib və Rusiya əleyhinə “Ramştayn formatı”nda böyük bir hərbi-siyasi ittifaq qurulduğu kimi, çoxqütblü dünya tərəfdarı olan ölkələr də Putinin müdafiəsində qeyri-rəsmi ittifaqdadırlar...

Şübhəsiz ki, ABŞ demokratlarının, xüsusən də şəxsən Bayden ailəsinin “yaralı yeri” sayılan “Ukrayna bataqlığı”nda ilişib qalmaq, Putini yıxa bilməmək, Rusiyanın və Şimali Koreyanın nüvə təhdidləriylə üz-üzə qalmaq, Bayden administrasiyasının göstərişlərini itaətkarlıqla yerinə yetirmiş Zelenskinin bir ucdan pul və silah şantajlarına boyun əymək son 40 ilin ən yüksək infilyasiya və bahalaşmasının qeydə alındığı ABŞ-da demokrat Harrisin deyil, respublikaçı Trampın xeyrinə işləyəcək amillərdir.

Artıq hər kəsə aydındır ki, NATO-nun 2008-ci ilin Buxarest sammitində Ukrayna və Gürcüstanın ittifaqa qəbul edilməsi, ardınca Xəzəryanı məkana yayılması üçün təntənəli şəkildə açılan “Qərbə inteqrasiya qapıları” məhz Bayden administrasiyasının axmaq hesablamaları və tələskən davranışları ucbatından ABŞ və Avropa İttifaqının üzünə birdəfəlik qapanmaqdadır.

Baxın: Ukrayna, faktiki olaraq, bölünüb və darmadağın edilib – Rusiya razılaşsa, Avropa İttifaqına yalnız bir parçasını apara bilərlər; ABŞ-ın vaxtilə hərbi bazalarını gətirmək istədiyi Gürcüstanda isə 16 il sonra yenidən Rusiya ilə dil tapmağın yollarını arayan hökumət qurulur; Xəzərin bu tayında - Azərbaycanda mövcud hakimiyyət 2022-ci ildə Rusiya ilə rəsmən müttəfiqlik münasibəti qurmaqla elan edib ki, onun NATO və Avropa İttifaqına üzvlük hədəfi yoxdur; heç Xəzərin o tayında – Türküstan coğrafiyasında da ABŞ-ı gözləmirlər, Mərkəzi Asiya ölkələri Çin və Rusiya ilə əməkdaşlığa daha çox üstünlük verirlər; ABŞ Əfqanıstandakı hərbi kontingentini Bayden dönəmində - 2021-ci ilin avqustunda çıxarmaqla, Mərkəzi Asiyanı Çin-Rusiya ittifaqına uduzduğunu rəsmən təsdiqləmiş oldu...

Beləliklə, Bayden-Harris administrasiyasının təkcə son 4 ildə yürütdüyü xarici siyasət ABŞ-ın qlobal liderlik arzularına və imkanlarına böyük zərbə vurmaqla, demokratiya pərdəsi altında həyata keçirməyə çalışdığı “təkqütblü dünya” - “tək imperiya” iddasını da puça çıxarıb.

Bu administrasiyanın qarşıdakı 4 ildə də hakimiyyətdə qalmaq istəyi təkcə ABŞ-ın özünə yox, bütün dünyaya, xüsusən də bizim daxil olduğumuz regiona yalnız və yalnız fəlakət – kütləvi qırğın silahlarının işə düşəcəyi böyük müharibələr vəd edir!

Dəlisov xarakteri və qeyri-standart qərarlar qəbul etməsiylə yaddaşlarda qalan respublikaçı Trampın adı hazırki mürəkkəb vəziyyətdən – ABŞ-ın özünün də siyasi nüfuzunun sürətlə itirilməsiylə müşayiət olunan qlobal böhrandan yeganə çıxış yolu sayılır.

2016-2020-ci illərdəki prezidentliyi müddətində Trampın başı üzərində prokuror Millerin “Rusiya agenti” ittihamı asılı qalmışdı və istintaq orqanları yaxasından əl çəkmirdi. Buna baxmayaraq, o, 2020-ci il seçkilərində rekord sayda səs topladı...

İşin ən maraqlı tərəfi budur ki, barəsində “Rusiya casusu” ittihamı irəli sürülmüş Trampı hazırda da amerikalıların tən yarısı dəstəkləyir və bu hal demokratların Harrisin arxasında toparlanıb hakimiyyətdə qalmaq istəklərini daha da çətinləşdirir!

Hətta bu ilin martında prezident Bayden Konqresə illik məruzəsində Linkoln dövründəki vətəndaş müharibəsini xatırladaraq, ABŞ-ın 5 noyabr seçkilərindən sonra yenidən belə bir risklə üzləşə biləcəyini açıq şəkildə bəyan etmişdi...

Xatırladaq ki, 1860-cı ildə keçirilən seçkilərdə demokratlar arasındakı ixtilaf respublikaçı namizəd Avraam Linkolnun qələbəsiylə nəticələnmiş və buna etiraz edən bir neçə ştat İttifaqdan ayrılaraq, özlərini müstəqil elan etmişdilər. Nəticədə, ABŞ-da şimallılarla cənublular arasında vətəndaş müharibəsi başlamışdı... O müharibə başa çatdıqdan bir neçə gün sonra isə Linkoln sui-qəsdlə öldürülmüşdü...

5 noyabr seçkilərinin siyasi tarixi prezidentlərə sui-qəsdlərlə dolu olan ABŞ-a və bütün dünyaya nələr vəd etdiyini görməyə isə elə də çox vaxt qalmayıb - cəmisi beşcə gün...

Səbirlə bu tarixi gözləyin!

Elxan ŞÜKÜRLÜ

MİA.AZ