Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mia.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prossesdə təqsirləndirilən Vəfa Allahverdiyevanın anket məlumatları dəqiqləşdirilib.
Digər təqsirləndirilən Təranə Bağırovanın saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsidən məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilsə də, icra olunmayıb. Onun məhkəməyə gətirilməsinin təmin edilməsi ilə bağlı yenidən qərar qəbul edilib.
Məhkəmənin növbəti prosesi noyabrın birinə təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi tanınan Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.
İttihama görə, təqsirləndirilən şəxslər Cavanşir Məmmədəliyevi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar.
Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövrü müddətində onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.