İsrail Tehranda öldürülən İsmayıl Haniyədən sonra HƏMAS-ın siyasi lideri təyin edilən Yəhya Sinvarın öldürüldüyünü iddia etsə də, HƏMAS hələ də xəbərə "ayaq yeri" qoyur.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu az əvvəl Yəhya Sinvar və HƏMAS-ın daha bir neçə yüksək çinli şəxsinin Qəzzanın mərkəzində aviazərbə ilə öldürüldüyünü təsdiqləyib.
Baş nazir deyib ki, buna baxmayaraq savaş davam edir, edəcək: "Sinvarın ölümü, sözüsüz ki, Yaxın Şərqdə sülh üçün bir şansdır. Ancaq Qəzzada müharibə hələ bitməyib. İsrail girovlar qaytarılana qədər hücumlarını davam etdirəcək. Bu gün daha bir "hesab"ı bağladıq. Bu gün şər zərbə aldı, amma vəzifəmiz hələ tamamlanmayıb"
HƏMAS-ın əlində olan girovların ailəsinə müraciət edən Netanyahunun sözlərinə görə, bu, müharibənin mühüm anıdır: "Sevdiklərimiz evlərinə dönənə qədər bütün gücümüzlə davam edəcəyik. Bir ildən artıqdır ki, hücumlarımız davam edir. Qəzzada yaşayanlara səslənirəm: Sinvar və onun kimilər həyatınızı məhv etdi. Həmas Qəzzaya heç vaxt hakim ola bilməyəcək. Bu, Qəzza xalqının zülmdən qurtulması üçün bir fürsətdir"
Netanyahunun bu çıxışından qısa zaman sonra HƏMAS Sinvarın ölümünü dolayısı ilə təsdiqləyib: "Sinvarın ölmüş ola biləcəyinə dair siqnallar var”.
Firudin Səfərli
MİA.AZ