"National Geographic" sənədli filmin çəkili heyəti Everest dağında içində corabda donmuş ayağın olduğu çəkmə tapıblar.  

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tapılan çəkmənin 100 il əvvəl zirvəyə qalxarkən müəmmalı şəkildə yoxa çıxan britaniyalı alpinist Endryu Komin İrvinə məxsus olduğu iddia olunur.

"National Geographic"in saytında verilən açıqlamaya görə, sənədli film qrupu sentyabr ayında Everest dağının şimalındakı Ronqbuk buzlaqında olarkən bir çəkmə ilə qarşılaşıb: "Buz əriməsi nəticəsində ortaya çıxan çəkmənin içində yun corab aydın görünürdü. Ona baxdıqda isə corabın içində bir ayaq qalıntısı aşkarlandı..."

"National Geographic"in fotoqrafı və rejissoru Cimmi Çin deyib ki, çəkmənin içindəki corabı çıxararkən həyatınınşokunu yaşayıb: "Corabın üzərində "A.C. İRVİNE" yazılmışdı, içində isə donmuş ayaq vardı. Bunun 100 il dostu George Mallori ilə Everestin zirvəsinə ilk dəfə dırmanan və orada sirli şəkildə yoxa çıxan və o vaxtdan hər hansı bir qalıntısına rast gəlinməyən "Sandi" ləqəbli Endryu Komin İrvinə məxsus oluğuna şübhə etmirəm. Hesab edirəm, bu, 100 il əvvəl yoxa çıxan alpinistlərin başına gələnləri araşdırmaq üçün güclü bir dəlil olacaq".

Xəbərdə deyilir ki, İrvinin ailəsinin tapılan ayağın həqiqətən alpinistə aid olub-olmadığını öyrənmək üçün DNT testi veriblər.

Xatırladaq ki, britaniyalı alpinist İrvin və onun dostu Mallorinin Everest dağının zirvəsinə qalxarkən yoxa çıxması alpinizm tarixinin ən böyük müəmmalarından biridir. Onlar 1924-cü il iyunun 8-də Everest zirvəsində yoxa çıxıblar. Mallorinin cəsədinin qalıqları 1999-cu ildə tapılıb. Lakin həmin ərazidə İrvinə rast gəlinməyib. Üstəlik, ikiliyə aid nə fotoaparat, nə digər əşyarla bağlı hər hansı bir izə də rast gəlinməyib.

Lamiyə Əhmədli

MİA.AZ