Məlum olduğu kimi, Baş nazir Əli Əsədov “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilməsi ilə bağlı sərəncam imzalayıb. Amma onun təqsirinin detalları ictimaiyyət üçün aydın deyil. Sərəncamda qeyd olunur ki, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə B.Rzayevə şiddətli töhmət elan edilib.
Mia.az xəbər verir ki, “AzPolitika” sərəncamda qeyd olunan xətanın izah edilməsi ilə bağlı energetika sahəsi üzrə ekspert İlham Şabana müraciət edib.
Ekspert bildirib ki, hər bir ölkədə dekabr ayında növbəti il üçün enerji balansı hökumət tərəfindən təsdiqlənir: “Bu, heç bir kommersiya sirri hesab olunan sənəd deyil. Hava şəraitindən asılı olaraq hər rüb ona korrektələr edilir. Gürcüstan, Ukrayna, Rusiya, Avropa ölkələri bu sənədi ictimaiyyət üçün dərc edirlər. Azərbaycanda isə bu sənəd şirkətlər üçün olmasa da, ictimaiyyət üçün gizlidir. Baş nazir Əli Əsədov bu sənədi imzalayıb, amma bir kəs demir ki, “Azərenerji” bu qədər qaz alıb, bu qədər də enerji istehsal etməlidir. Azərbaycan hökuməti bunu açıq şəraitdə niyə etmir ki? Hamı bilməli idi ki, “Azərenerji” bu qədər qaz almaqla normativləri keçib, ya yox? Birdən-birə töhmət məsələsi ortaya çıxır”.
İ.Şabanın sözlərinə görə, hökumət hansısa bir qərar verəndə, gərək, o cəmiyyətdə söz-söhbətə səbəb olmasın, ildırım effekti verməsin: “Əslində, dediyim olsaydı, hamı bilməli idi ki, filan yerdə enerji istehsalı azdır, başqa yerdə yuxarıdır və s. Heç bir məlumat verilmir, birdən də deyirlər ki, filan obyektdə vəziyyət pisdir. Cəmiyyət haradan bilsin ki, doğrudan da pisdir, yoxsa yaxşıdır? Bunun üçün hökumətin imzaladığı sənədləri vaxtaşırı ictimaiyyətə açıqlamaq lazımdır. Məsələn, Dövlət Neft Şirkəti ildə bir dəfə açıqlayır ki, hansı istehsal göstəricilərinə malikdir. Həmçinin maliyyə göstəricilərini də açıqlayır. Bəs digər qurumlar? Bir də görürsən, problem çıxdı. Sual yaranır ki, nə oldu ona, axı yaxşı işləyirdi…”
Ekspert vurğulayır, hökumət bilməlidir ki, rəqəmsallaşma, şəffaflıq bütün sahələrdə lazımdır ki, bir qərar veriləndə cəmiyyətə inandırıcı görünsün.
“Biz həmişə görürdük ki, Baba Rzayev Prezidentin yanındadır, obyektlər açır. Cəmiyyətdə də belə təəssürat yaranır ki, Prezidentin yanındadırsa, hər şey qaydasındadır… Sonuncu dəfə Zəngilanda Sarıqışlaq yarımstansiyasının açılışı oldu. İki gün sonra isə bu qərar…”, – o, əlavə edib.