ABŞ prezidenti Co Bayden İsrailin İranın neft obyektlərinə hücum etmə ehtimalına "qapını aralayıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Florida ştatına səfərə gedərkən yolüstü jurnalistlərin sualına cavabda deyib.
Jurnalistlərdən birinin "İsrailin İranın neft zavod və obyektlərinə hücumunu dəstəkləyirsinizmi?", - sualına Bayden belə cavab verib: “Hazırda elə bunu müzakirə edirik”.
"Siz İsrailə İrana cavab zərbəsi endirməyə icazə verəcəksiniz?" sualına isə ABŞ lideri süala düzəliş edib: "İlk növbədə deyim ki, biz İsrailə icazə deyil, məsləhət veririk. Bu gün heç nə olmayacaq. Bu barədə sonra danışacağıq".
Xatırladaq ki, ABŞ prezidenti Baydenin açıqlamalarından sonra dünyada neftin qiyməti sürətlə qalxmağa başlayıb.
Məlumata görə, Brent markalı neftin barrel qiyməti Bakı vaxtillə saat 19.50-ə 4,68 faiz artaraq 77,36 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neft 4,96 faiz artımla 73,58 dollar/barelə alınıb.
Ekspertlər hesab edir ki, İsrail İranınneft sənayesinə zərbə vurarsa, neftin qiyməti 100 dollara qədər bahalaşa bilər.
Samir Musayev
MİA.AZ