Bu gün Mark Rutte rəsmi olaraq NATO-nun baş katibi vəzifəsini Yens Stoltenberqdən alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş Katibliyin Stoltenberqdən Rutteyə ötürülməsi ilə bağlı rəsmi mərasim keçirilib.
Mərasimdə çıxış edən Rutte bu vəzifəni ona həvalə edən bütün müttəfiq dövlətlərə təşəkkür edib.
Stoltenberqə xitab edənn Rutte deyib: "Siz nümunəvi bir baş katib olmusunuz. Bu gün NATO daha böyük, daha güclü və daha sıx birləşib. Bu, böyük ölçüdə sizin liderliyiniz sayəsindədir. Siz mənə möhkəm bir ittifaqı miras almağa imkan verdiniz.
Mən NATO-nu gələcəyin çağırışlarına hazırlamaqda qərarlıyam. Mənim vəzifəm NATO-nu güclü saxlamaq, kollektiv müdafiənin bütün təhdidlərə qarşı effektiv və etibarlı qalmasını təmin etmək, müdafiəyə daha çox vəsait xərcləmək və sərmayə qoymaqdır...".
Ukraynanın NATO üzvü olmasını mütləq sayan Rutte əlavə edib ki, güclü və müstəqil Ukrayna olmadan Avropada daimi təhlükəsizlik ola bilməz.
Rutte Aİ-ni NATO-nun “unikal və əsas tərəfdaşı” kimi xarakterizə edib və əməkdaşlığın inkişaf etdirilməsi və davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ruttenin Hollandiyada 4 koalisiya hökumətinə rəhbərlik etdiyini xatırladan Stoltenberq isə deyib: "Siz güzəştə getməyi bildiyinizi göstərdiniz. Bu, NATO-da yüksək qiymətləndiriləcək bir şeydir. Bununla belə, siz bizimlə bağlı - fundamental dəyərlər və prinsiplərlə əlaqəli heç bir güzəştə getmədiyinizi də göstərdiniz".
Daha sonra Stoltenberq yerini Rutteyə verib.
Stoltenberq heyətlə vidalaşdıqdan sonra uzun sürən alqış sədaları altında qərargahı tərk edib.
Zülfiyyə
MİA.AZ