Yolum tez-tez rayonlara düşür. Hansı rayona gedirəmsə, insanların gün-güzəranı, dolanışığı ilə maraqlanıram. Bu, təkcə peşə marağından irəli gəlmir. Bir insan, bir vətəndaş kimi həmvətənlərimin yaxşı yaşamasını arzulayıram. Heç şübhəsiz ki, hər birinizin qəlbi bu arzularla döyünür...
Rayonlarda qarşılaşdığım mənzərə həmişə ürəkaçan olmur. İnsanlar işsizlikdən əziyyət çəkirlər. Daimi işi, ortabab qazancı olmadığı üçün gənclərin çoxu vaxtında ailə həyatı qura bilmir. Ehtiyac Azərbaycan gənclərini öz qanadlarında Rusiyanın müxtəlif şəhərlərinə aparır. Amma tale orda da bu adamların üzünə gülmür. Azərbaycan kəndlərində elə bir qəbiristanlıq tapmaq mümkün deyil ki, orda Rusiyada qətlə yetirilmiş beş-altı nakam gəncin qəbri olmasın...
Mən də kənddə böyümüşəm. Azərbaycanda hansısa kəndli ailəsinin bir tikə çörəyə möhtac olduğunu heç cür ağlıma gətirə bilmirəm. Amma mənim nə düşünməyimdən asılı olmayaraq, ölkəmizdə kənd əhalisi çox kasıb yaşayır. Səbəb çoxdur. Əsas səbəb odur ki, kəndli vaxtında ona verilmiş pay torpağını çoxdan başqasına satıb. Dövlətin ona vermiş olduğu torpağı satdığı üçün bir dəfə tay-tuşlarımdan birini bərk məzəmmət etdim. Yazıq, boynunu büküb, belə dedi: "Uşağım ağır xəstə idi. Onu müalicə elətdirməyə pul tapmadığım üçün torpağımı satmaq məcburiyyətində qaldım”.
Bu sözləri eşidəndən sonra bayaqdan bəri əsib-coşduğum üçün özümü əməlli-başlı qınadım. Utandığımdan başımı qaldırıb, bir də həmin kəndlinin üzünüə baxmadım...
Bədbəxtlik odur ki, torpağı, şəxsi təsərrüfatı olan adamlar da yaxşı yaşamırlar. Min bir əziyyətlə becərdiyi məhsul çox vaxt kəndlinin əlində qalır. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə faydalı məsləhətlər verə bilmir. İki-üç il əvvəl rayonlarda kartofun 1 kiloqramını 8 qəpiyə satırdılar. Vəziyyət o həddə çatmışdı ki, yerli bədiyyə ustaları kartofa mərsiyyə qoşmuşdular.
Hər həftənin şənbə və bazar günləri Bakı şəhərinin müxtəlif rayonlarında kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunur. Dünən metronun "Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya baş çəkdim. Satışa çıxarılan məhsulların qiyməti bazar qiymətindən iki dəfə baha idi. Yarmarkada olarkən min bir əziyyətlə becərdiyi məhsulu satan bir nəfər kəndliyə də rast gəlmədim. Piştaxtaların arxasında əliqabarlı kəndlilər deyil, zəhmətsiz gəlirlə yaşamağa öyrəşmiş dəllallar dayanmışdılar. Heç kim məni qınamasın, ötən əsrin 90-cı illərində populyar olan bu sualı vermədən yazıya nöqtə qoya bilməyəcəyəm: hökumət hara baxır? Kənd təsərrüfatı naziri Heydər Əsədov bir qrup işbazın zavallı kəndlilərin başına oyun açdığını niyə görmür?
Əgər mən Heydər müəllimin yerinə olsaydım, arada səbəti çiynimə atıb, həmin yarmarkalara üz tutardım. Məncə, kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalarda real vəziyyətlə tanış olmaq üçün bundan yaxşı fürsət ola bilməz...