ABŞ hökuməti ölkə prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu öldürməkdə ittiham olunan İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvü Şəhram Poursəfinin tutulmasına kömək edəcək  məlumatı verən şəxsə 20 milyon dollar mükafat elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iddiaya görə, Poursafi ABŞ-dakı cinayətkarlara 300 min dollar müqabilində Boltona sui-qəsd etməyi təklif edib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, 2021-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər Poursafi Vaşinqtonda və Merilenddə Boltonu öldürmək üçün ABŞ daxilindəki cinayətkar qruplarla əlaqə yaratmağa cəhd edib: "Lakin onun əlaqə saxladığı şəxslərdən biri ABŞ kəşfiyyatı ilə  əməkdaşlıq edən məxfi agent olub. Məhz onun sayəsində Poursafin planı öyrənilib".

Rəsmilərin fikrincə, bu sui-qəsd cəhdinin məqsədi keçmiş prezident Trampın göstərişi ilə iranlı general Qasım Süleymaninin öldürülməsinə cavab olub.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi SEPAH üzvü Poursafiyə qarşı sui-qəsd planı ilə bağlı ittihamlar irəli sürüb: "Lakin o vaxtında fürsət taparaq ABŞ-dan qaça bilib. O, azadlıqdadır, ABŞ-da deyil..."

İran isə həm bunu, həm də xaricdə İran hökumətini tənqid edənlərə qarşı sui-qəsd cəhdlərini rədd edib.

Con Bolton isə ABŞ-ın İrandan gələn təhdidlərə qarşı daha ayıq olmasını vacib sayb: "Əgər bir hökumət üzvü hədəfə alınırsa, o deməkdir ki, bu, birbaşa ABŞ hökumətinə hücumdur".

Xatırladaq ki, ötən həftə Trampın seçki kampaniyası İranın Trampa sui-qəsd planları ilə bağlı iddialar irəli sürüb. Maraqlıdır ki, bu iddianın mürəkkəbi qurumamış Boltona sui-qsəd planı ilə bağlı istintaq xəbəri dövriyyə buraxılıb...

Samir Musayev

MİA.AZ