26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayılb.

Bildirilib ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər: "Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər".

***

Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

***

ABŞ dövlət katibi Antoni Blinkenin sabah Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanı sülh danışıqlarının “son mərhələsi” hesab edilən prosesi başlatmaq üçün görüşdürəcək.

Mia.az xəbər verir ki, bu barədə "Turan" agentliyinin Vaşinqton müxbirinə vəziyyətlə tanış olan iki mənbə bildirib.

Bununla belə, “son mərhələ"nin nədən ibarət oldugu və nəticəsinin necə olacağı hələ də bəlli deyil.

Dövlət Departamenti də planlaşdırılan görüşlə bağlı şərh verməyib.

Xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov hazırda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar.

Sabah gözlənilən danışıqlar Blinkenin üç aydan az müddətdə ABŞ-da azərbaycanlı və erməni həmkarları ilə ikinci üçtərəfli görüşü olacaq.  

Dövlət Departamentinin sözçüsü Metyu Miller "Turan"ın Vaşinqton müxbirinə bildirib ki, tərəflər sülh sazişi üzərində işlədiyi bir vaxtda ABŞ Azərbaycan və Ermənistana "mümkün olan istənilən yolla", "faydalı olarsa, yeni görüşün təşkil edilməsi də daxil olmaqla" dəstək vermək niyyətindədir.

Miller gündəlik brifinqdə deyib: "Biz hər iki ölkənin davamlı və layiqli sülh razılaşması əldə etmək səylərini dəstəkləməyə davam edirik".

Dövlət Departamentinin məlumatına görə, Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda danışıb və tərəflər arasında son nailiyyətləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı alqışlayıb.