Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, Türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti qarşılayıb.

Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.