"Livanda xəbərləşmə (peycer) cihazlarının kiberhücumla kütləvi partladılması İsrailin dövlət səviyyəsində terror aktıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi Livanın xarici işlər naziri Abdullah Buhabib ilə telefon danışığında deyib.

Bu barədə İran Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Livanla bir ağır dönəmdə həmrəy olduqlarını bir daha təkrarlayıb: "Sionist rejimin Livan vətəndaşlarını hədəf alan terror aktına dünya ictimaiyyəti səssiz qalmamalıdır...".

Yaralıların Tehranda müalicəsinə hazır olduqlarını da ifadə edən XİN başçısı Livana hər cür yardıma hazır olduqlarını bildirib.

Livanın xarici işlər naziri Buhabib dəstək zənginı görə iranlı həmkarına minnətdarlıq edib: "Livan hökuməti bu dəhşətli terror aktı ilə bağlı ciddi araşdırma aparır".

Xatırladaq ki, əsasən, "Hizbullah"çıların ölkə daxilində istifadə etdiyi xəbərləşmə cihazlarına gizli proqram sızdırılıb və sonradan onların hər birinə siqnal ötürülməklə partladılıb. Nəticədə biri uşaq olmaqla 9 nəfər ölüb, təxminən 200-ü ağır olmaqla 2800 nəfər yaralanıb.

Onu da qeyd edək ki, partlayışlarda İranın Beyrutdakı səfiri Müctəba Emani də yaralanıb.

Məsələ ilə bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib.

Firudin Səfərli

MİA.AZ