Naxçıvan Muxtar Respublikasında Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək Regional Tibb mərkəzlərinin direktorları və baş həkimləri, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifələrindən azad edilib.
Mia.az xəbər verir ki, bu barədə TNS-ə Naxçıvandakı mənbələr məlumat verib.
Səhiyyə sistemindəki rəhbər vəzifəli şəxslərin, demək olar ki, əksəriyyətinin işdən çıxarılmasının səbəbləri açıqlanmır.
İşdən çıxarılanlar arasında qalmaqqallı məmur – “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin direktoru Bayram Mikayılov da var.
Bayram Mikayılovla bağlı indiyədək mediada ziddiyyətli məlumatlar verilib.
Bayram Mikayılov 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir edib. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə geniş yayıldığı üçün işdən uzaqlaşdırılıb.
Həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai Rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. Ancaq o, hansısa yolla məsuliyyətdən yayınıb.
Bayram Mikayılov 2019-cu ildə DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Vətəndaşların pensiyasını mənimsəmədə ittiham olunaraq növbəti dəfə işdən çıxarılıb. Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və qısamüddətli həbs edilib.
Buna baxmayaraq, 2022-ci ilin ortalarında TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorunun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib. Bəzi media qurumlarının məsələ ilə bağlı TƏBİB-ə müraciət etməsindən sonra yenə işdən çıxarılıb.
Bayram Mikayılov ötən ildən Naxçıvanda çalışırdı. O, əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunmuşdu. Sonra “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilmişdi.
Onun əvvəlki əməllərini Naxçıvanda da davam etdirdiyinə dair məlumat var.
Mənbə iddia edir ki, Naxçıvandakı regional tibb mərkəzlərinin direktorlarının və baş həkimlərinin vəzifələrindən azad edilməsi muxtar respublikanın səhiyyə sistemində aparılan yoxlamalarla bağlıdır.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Hesablama Palatası muxtar respublikanın səhiyyə sistemində yoxlamalar aparır. İddia olunur ki, yoxlama zamanı ciddi qanun pozuntuları aşkar edilib.