Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak etmək üçün Çinə işgüzar səfər edib.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, əvvəlcə Azərbaycanın Çindəki səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Sonra Azərbaycan nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak edib.
A.Qurbanov dünyanın 100-dən çox ölkəsinin nazir və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi forum zamanı Çinin milli müdafiə naziri admiral Donq Jun ilə görüşüb. Baş direktor foruma dəvətə görə minnətdarlığını bildirib.
Çinə işgüzar səfər çərçivəsində baş direktor, həmçinin Mərkəzi Hərbi Şuranın Silah, Hərbi Texnika və Texnologiya üzrə Əməkdaşlıq İdarə rəisi və Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkətləri ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.